02 Oktyabr 2024

STP Şirkətlər Qrupunun həyata keçirdiyi “Sabahın Gücü” inkişaf proqramı çərçivəsində 1 Oktyabr tarixində növbəti məzun günü keçirilib. Qeyd edək ki, bu proqram ölkədə ilk dəfə olaraq mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını artırmaq məqsədilə yaradılıb. Proqramın məqsədi ölkə gənclərinin inkişafını dəstəkləmək, insan resurslarının gücləndirilməsi siyasətinə töhfə vermək və müasir standartlara və çağırışlara uyğun olaraq sənaye sektorunda çalışacaq yeni nəsil mühəndislər hazırlamaqdır.
2023-cü ildən start götürən “Sabahın Gücü” proqramı gənclərin böyük marağına səbəb olmuşdur. Belə ki, 2023-cü ildə 100 nəfər müraciətçinin arasından 50 nəfər proqrama qoşulmuşdursa, сari tədris ilinin ilk yarısında bu say 3000 müraciətçi arasından 108 nəfər təşkil etdi. Tədris müddətində təcrübəçilərin texniki biliklərinin və yumşaq bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər təşkil edilmişdir. Proqram iştirakçılarının peşəkar hazırlığını təmin etmək üçün STP Şirkətlər Qrupunda çalışan əməkdaşlardan ibarət mentorlar komandası formalaşdırılmışdır.
Tədbirdə çıxış edən STP Şirkətlər Qrupunun İnsan Resursları üzrə Baş İnzibatçısı Şölə Əliyeva, şirkət üçün gənclərin inkişafı prioritet məqsədlərdən olduğunu qeyd etdi və həmçinin əlavə etdi: “Son 4 ildə təqribən 400 tələbə peşəkar mühəndisi kimi yetişdirilmişdir və “Sabahın Gücü” inkişaf proqramı vasitəsilə bu sektora dah çox gənc cəlb etmək istəyirik. Eyni zamanda Təhsilin İnkişaf Fondu ilə birgə həyata keçirilən və xanımların sənaye mühəndisliyi sahəsinə cəlb etməyi hədəfləyən digər layihəmiz “Zərif Mühəndislər”in qaliblərinə də uğurlar arzu etmək istəyirəm.”