04 Avqust 2025

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) rəhbərliyində dəyişiklik baş verib. Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda şirkətin Baş İcraçı Direktoru vəzifəsinə Ələkbər Abbaslı, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadə təyin olunub.
Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində PAŞA Holding-ə daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Onun rəhbərliyinin STP Şirkətlər Qrupunun institusional potensialını daha da gücləndirməsi və şirkətin davamlı inkişafına töhfə verməsi gözlənilir.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni Baş İcraçı Direktor daha əvvəl SOCAR, Equinor, EY, PwC, PAŞA İnşaat və bir sıra digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP Şirkətlər Qrupunun növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb. O 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP Şirkətlər Qrupu əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə qədəm qoyub.
Bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, Baş İcraçı Direktor vəzifəsini isə Hicran Valehov icra edirdi.