13 May 2024
STP Şirkətlər Qrupuna daxil şirkətlərin idman sevər əməkdaşlarının iştirakı ilə paytaxtın mərkəz küçələrində velosiped turu təşkil edilib. 60-a yaxın iştirakçısı olan velo yürüşün əsas məqsədi asudə vaxtın səmərəli keçirilməsi və sağlam həyat tərzinin təbliğidir.
Velosiped turu “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində iştirakçıların paytaxtda yeni salınan velosiped zolaqları boyu velosiped sürməsi ilə baş tutub. Beləliklə, ətraf mühitin qorunmasına çağırış edən tədbir iştirakçıları, velosipedin yalnız ekoloji cəhətdən təmiz deyil, həmçinin şəhər nəqliyyatının effektivvasitəsi olduğunu bir daha nümayiş etdirmiş olublar.
Yürüş öncəsi iştirakçılarla görüşən STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov Azərbaycan Velosiped Federasiyasına dəstəyinə görə təşəkkür edib, iştirakçılara isə bu kimi sağlam həyat tərzini təbliğ edən tədbirlərin davamlı olmasını arzu edib.
Qeyd edək ki, velosiped zolaqlarında quraşdırılan 600 ədəd zolaq ayırıcı və qoruyucu dəstlər qrupa daxil “STP Polymer” şirkətində istehsal olunub. Həmçinin, 2024-cü ilin sonunadək 6400 ədəd dəstin istehsalı planlaşdırılıb, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi isə 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılması üçün 120 min zolaq ayırıcı dəst istehsal olunacaq.
Zavodun istehsal müəssisələri polietilen, plastik və polikarbonat kimi parçalanması çətin olan materialları təkrar emal edir və sonradan istehsalda təkrar istifadə olunur. Yuxarıda qeyd olunan sayda qoruyucu kostyumun istehsalı 660 ton tullantıların təkrar emalı ilə nəticələnəcək ki, bu da ətraf mühitə fayda verəcək.