21 Dekabr 2023

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və "Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan forum ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub. İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan tədbir həm də regional inkişafa mühüm töhfələr verməyi hədəfləyir. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər, eyni zamanda, Azərbaycanla Türkiyə arasında güclü iqtisadi əlaqələr yaratmaq üçün atılacaq addımlar, potensial investisiya imkanları müzakirə olunub. Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat və Türkiyə Prezident Administrasiyasının Maliyyə Ofisinin rəhbəri Göksel Aşan iştirak ediblər.
STP Şirkətlər Qrupunun baş icraçı direktoru Hicran Valehov forumda hərbi-texniki əməkdaşlıqda texnologiyanın rolundan danışıb. O, çıxışında STP Qrupunun ölkədə yeni müdafiə sənayesi texnologiyalarının tətbiqi, müasir tələblərə uyğun müdafiə xidmətləri göstərilməsi və Qrupun dayanıqlı istehsal planları ilə bağlı roluna və öhdəliyinə toxunub.