STP Şirkətlər Qrupunun törəmə şirkəti aparıcı ixracatçılar sırasında
STP Şirkətlər Qrupunun törəmə şirkəti aparıcı ixracatçılar sırasında
2025-ci ilin yanvar–avqust ayları ərzində qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin fəaliyyətinə dair açıqlanan son statistik göstəricilər ölkəmizin iqtisadi inkişafında mühüm nailiyyətləri ortaya qoyub. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu il qeyri-neft ixracı dinamik artım nümayiş etdirib. STP Şirkətlər Qrupunun törəmə şirkəti olan “STP Aluminium” MMC öz mövqeyini daha da möhkəmləndirərək bu reytinqin ilk onluğunda öz yerini tutub.
2024-cü ilin yanvar–avqust aylarında şirkətin ixrac həcmi cəmi 12,99 milyon ABŞ dolları təşkil etdiyi halda, cari ilin eyni dövründə bu rəqəm artaraq, 25,8 milyon ABŞ dollarına yüksəlib. Qısa müddətdə belə bir artım təkcə STP Şirkətlər Qrupunun istehsal potensialının deyil, həm də Azərbaycanın qeyri-neft ixracatının inkişafına verdiyi böyük töhfənin bariz nümunəsidir.
STP Şirkətlər Qrupunun törəmə şirkətin uğurları, ilk növbədə, müasir texnologiyalara əsaslanan istehsal prosesinə, yüksək keyfiyyət standartlarına və dünya bazarının tələblərinə cavab verən məhsul çeşidinə bağlıdır. “STP Aluminium” MMC əsasən, alüminium profillərin,yarımfabrikat pəstahların istehsalı ilə məşğul olur. Məhsullar həm daxili bazarda geniş tələbat görür, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artırır.
Bu nəticə, ölkədə həyata keçirilən sənayeləşmə siyasətinin, qeyri-neft sektorunun diversifikasiyası istiqamətində atılan addımların və ixrac yönümlü istehsalın dəstəklənməsinin real nəticəsidir. STP Şirkətlər Qrupu kimi özəl sektor təmsilçilərinin sürətli inkişafı Azərbaycan iqtisadiyyatının dayanıqlı böyüməsinə, qeyri-neft ixracı coğrafiyasının genişlənməsinə və milli brend imicinin güclənməsinə xidmət edir.
STP Şirkətlər Qrupundan bildirirlər ki, əldə edilən uğurlar sadəcə başlanğıcdır. Qarşıdakı illərdə istehsal gücünün artırılması, məhsul çeşidinin zənginləşdirilməsi və yeni ixrac bazarlarına çıxış prioritet istiqamətlərdəndir. Xüsusən də Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə ixracın genişləndirilməsi planlaşdırılır.