Kabel Zavodu

Tətbiq sahəsi

Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir.

Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında - Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir. STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir. Burada yerləşdirilmiş laboratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur. Kabel Zavodunda istehsal prosesinə bu sahədə böyük təcrübəyə malik, yüksək ixtisaslı və təcrübəli mütəxəssislər cəlb edilmişdir. Ən müasir texnologiyaların tətbiqi ilə istehsal edilən kabel məhsulları geniş çeşidli yerli və xarici bazarlarda rəqabət aparmaq iqtidarındadır.

Elektrik veriliş xətləri üçün en kəsiyi 1250 mm2-a qədər müxtəlif göstəricili naqil hazırlayan və burucu (hava xətləri üçün naqillərin istehsalı) sahəsi 2012-ci ildə istismara verilib. Həmin sexdə MDB ölkələrində analoqu olmayan 91 məftil unikal burma və 1,3 – 4,5 mm ölçülərdə iki girişli əyirmə avadanlıqları quraşdırılmışdır. Sahənin istehsal gücü gün ərzində 80 ton elektrik veriliş xətləri naqilidir.

Yüksək gərginlikli (35-500 kV) güc kabellərinin istehsalı sahəsində nəyinki MDB-də, yaxın xarici ölkələrdə analoqu olmayan 125 metr hündürlüyündə olan qüllədə iki şaquli xətt quraşdırılıb və istismara verilib.

Kabel zavodu ölkəmizdə yeganə müəssisədir ki, fiber optik kabellərin istehsalını həyata keçirir. Bu istehsal sahəsində 10, 20, 30, 50, 100, 200, 300, 400 və 600 çütlü telefon kabelləri, müxtəlif növ fiber – optik, LAN və koaksial kabellər istehsal edilir.

Bu zavodda istehsal olunan bütün kabellər sınaq laboratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Laboratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər çox yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur.

STP-nin Kabel zavodu steril təmizliyi ilə seçilir. Müəssisənin istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçmiş və ISO 9001:2008, İSO 14001 OHSAS 18000:2007 sertifikatları əldə etmişdir.

2012-ci ilin dekabr ayında Kabel zavodu “İnterkabel” Beynəlxalq Assosiasiyasına qəbul edilmişdir. Hazırda zavod AZS, ГОСТ, VDE, İEC beynəlxalq standartlarına və TS standartlarının tələblərinə cavab verən məhsullar istehsal etmək qabiliyyətinə malikdir.

Kabel zavodunun istehsal gücü 1 (bir) il ərzində 120 min ton təşkil edir.